Azərbaycanlı fəallar vicdan məhbusu elan ediliblər
azadlıq radiosu:
Azərbaycanlı fəallar vicdan məhbusu elan ediliblər
Əbülfəzl Paşaoğlu
Beynəlxalq insan hüquqları təşkilatı «Amnesty International» hazırda Tehranın Evin zindanında saxlanılan azərbaycanlı hüquq müdafiəçiləri Səid Mətinpur və Saleh Kamrani haqda eyni gündə iki bəyanat verib .
Avqustun 23-də yayılan ilk bəyanatda «Amnesty International» İran azərbaycanlıların mədəni haqlarını müdafiə edən jurnalist Səid Mətinpurun işgəncə altında olmasından nigaran olduğunu bildirir.
Beynəlxalq insan hüquqları təşkilatı vicdan məhbusu elan etdiyi Səid Mətinpur haqda bundan öncə də - iyunun 7-də təcili bəyanat vermiş, onun işgəncə təhlükəsində olduğunu bildirmişdi.
Bu son sənədə əsasən Mətinpur hazırda Tehranın Evin həbsxanasının ETTELAAT-ın nəzarəti altında olan 206-cı korpusunda saxlanılır və ona göstərilən təzyiqlər televiziya «etiraflarına» vadar etmək məqsədi daşıyır.
«Amnesty International» son vaxtlar Evin həbsxanasının 206-ci korpusunda olan başqa məhbusların müşahidələrinə əsaslanaraq azərbaycanlı fəalın biradamlıq kameraya salındığını və səhhətinin təhlükə altında olduğunu bildirir.
Bəyanatda qeyd edilir ki, son dəfə mayın 25-də Zəncan şəhərində nəzarət altına alınan Mətinpur yalnız İran azərbaycanlılarının mənafeyi uğrunda apardığı sülhpərvər fəaliyyətinə görə həbs edilib və buna görə də təşkilat onun vicdan məhbusu olduğuna inanır.
Fəalın bir neçə telefondan başqa zindandan xaricdəkilərlə heç bir təmasının olmadığı, həbs müddəti ərzində vəkil və ailəsi ilə görüşünə imkan verilmədiyi bildirilir.
Təşkilatın avqustun 23-də yaydığı ikinci bəyanat isə həbs edilən tanınmış hüquq müdafiəçisi Saleh Kamrani haqdadır.
Məlumata görə, avqustun 18-də gecə vaxtı Kərəc şəhərində tutulub Tehranın Evin həbsxanasına aparılan cənab Kamraninin ailəsi üç gün ondan xəbərsiz olub. Avqustun 21-də ailəsi ilə qısa telefon söhbətinə imkan verilən fəal Evin zindanının 206-cı korpusunda olduğunu bildirib. Lakin onun Azərbaycan dilində danışmasına icazə verilməyib və elə buna görə də fars dilini başa düşməyən anası ilə telefon söhbəti mümkün olmayıb.
Bəyanatda hüquq müdafiəçisinin fikir və söz azadlığından məhrum edildiyi bildirilir.
«Amnesty International» Saleh Kamranini də vicdan məhbusu hesab edir və ürək xəstəlinə görə onun həyatının ciddi təhlükə qarşısında qaldığını bildirir.